Previous Next

Kompüter elmləri kafedrasının dosenti, İlham Əhmədovun rəhbərliyi ilə Azərbaycan Respublikasının KOBİA “Elm, təhsil və dəstək” layihələrinin maliyyələşdirilməsi üzrə qrant müsabiqəsi çərçivəsində hazırlanmış “Kiçik və orta biznesdə innovativ fəaliyyət” ad

                                                                                             

       İNNOVATİV BİZNESƏ DAİR MARAQLI VƏSAİT

XXI əsrin əvvəli texnologiyaların sürətli inkişafı və iqtisadiyyatın struktur baxımından  yenidən qurulması ilə əlamətdar olmuşdur. Bunlar müxtəlif qitələrdə və ölkələrdə fərqli şəkildə baş versə də, intellektual resursların və yeni texnologiyaların inkişafı ilə bağlı ümumi istiqamət mövcuddur.

Müasir şəraitdə dünya təsərrüfatının fərqləndirici xüsusiyyəti biliklərə əsaslanan yeni iqtisadi modelin qurulmasıdır. Bu gün tədqiqatçılar əsas hərəkətverici qüvvə kimi elmi yaradıcılıq olan  innovativ iqtisadiyyata keçid problemlərini müzakirə edirlər.

İnnovasiya fəaliyyəti iqtisadi inkişafın əsas amilidir. ETT(elmi-texniki tərəqqi) nailiyyətlərini kommersiyalaşdırılmadan bu gün heç bir dövlət iqtisadi artımı təmin edə bilməz.  Kiçik biznes ölkə iqtisadiyyatının mühüm tərkib hissəsi və innovasiya fəaliyyətinin əsas  subyektidir. Kiçik və orta biznesin innovativ fəaliyyətdə iştirakı müxtəlif formalarda baş verir. Sahibkarlıq fəaliyyəti öz təbiətinə görə innovativ və yenilikçidir. Onun mahiyyəti, məzmunu və digər fəaliyyətlərdən üstünlüyü məhz bundadır.

Bir cəmiyyətin iqtisadi baxımdan güclü olması onun rəqabət gücünə bağlıdır. Rəqabət gücünü artıran ən önəmli vasitə isə innovasiyadır. Çünki innovasiya məhsuldarlığı artırır. Bu səbəblə innovasiya ölkələr üçün iqtisadi inkişafın və rifahının yüksəlişinin açarıdır. Halhazırda innovasiya əsaslı iqtisadiyyat dövrün ən dinamik və gəlirli istiqamətlərindən sayılır. İnnovasiya termin olaraq yeni ideyalarla elm və  texnikanı inkişaf etdirib istehsal sahələrinə tətbiq etmək, gəliri artırıb, işsizliyi aradan qaldırmaq və iqtisadi vəziyyəti inkişaf etdirmək deməkdir. İnnovasiyanı fərqli edən xüsusiyyətlər isə onun elmi- texniki naliyyətlərdən geniş istifadə etməsinə, yeni texnologiyanın tətbiqinə, istehsal edilən məhsulun keyfiyyət göstəricilərinin artırılmasına və beləliklə də, iqtisadi artımın əldə edilməsinə yönəldilmiş olmasıdır. İnnovasiya cəmiyyət, müəssisələr və ölkə iqtisadiyyatı üçün bir sıra müsbət nəticələr yaradır. Müəssisələrə yönəlik nəticələrə rəqabət üstünlüyünü təmin etməsi, səmərəliliyin artımı, mənfəətin artması, xammalın effektiv istifadə olunması, keyfiyyətin artması, informasiyanın iqtisadi dəyərə çevrilməsi, müştəri məmnuniyyətinin maksimuma çatdırılması, istehsal müddətlərinin qısaldılması və tullantıların minimuma çatdırılmasını misal göstərmək olar.

Beləliklə, innovativ sahibkarlığın mahiyyətini yeni məhsul və istehsal sahələrinin yaradılmasına və mövcud olanların təkmilləşdirilməsinə yönəlmiş yaradıcı fəaliyyət kimi səciyyələndirmək olar. Yenilikçilik sahibkarın funksiyalarından biridir, ona xasdır, onun əməli fəaliyyətində həmişə mövcuddur.

Kiçik və orta biznes müəssisələri öz fəaliyyətini getdikcə daha çox innovasiya ilə əlaqələndirir, məhsulların istehsalında elm tutumlu texnologiyaların nailiyyətlərindən, öz inkişafının davamlılığını təmin etmək üçün isə  innovativ strategiyalardan istifadə edirlər.

Yeni ideyaların axtarışı innovator sahibkarın yolunun yalnız başlanğıcıdır. Burada təkcə yaradıcı düşünmək və yeni həll yolları tapmaq deyil, həm də mövcud şəraitdə qüvvələrin  nisbətini dərk etmək tələb olunur. İnnovativ məhsulların işlənib hazırlanması üçün maliyyə resurslarının olmaması innovativ sferada fəaliyyət göstərməyə can atan kiçik müəssisələr üçün  ən ciddi maneələrdən biridir, çünki sahibkar üçün "pulu haradan əldə etmək olar?” problemi həmişə var və bu gün də bu məsələ çox çətinliklə həll olunur.

Kiçik və orta biznes (sahibkarlıq) dayanıqlı iqtisadi inkişafın və sosial tərəqqinin mühüm amili olmaqla, həmin subyektlərin innovasiyalı fəaliyyətinin dəstəklənməsi, çoxsaylı və müxtəlif xarakterli mühit yaradan amillərin tədqiqi obyektiv zərurətə çevrilmişdir. Azərbaycanda xüsusilə müvafiq araşdırmalara ciddi ehtiyac hiss olunur. Bu baxımdan dosent İlham Əhmədovun rəhbərliyi ilə Azərbaycan Respublikasının KOBİA “Elm, təhsil və dəstək” layihələrinin maliyyələşdirilməsi üzrə qrant müsabiqəsi çərçivəsində hazırlanmış “Kiçik və orta biznesdə innovativ fəaliyyət” adlı kitab vaxtında işıq üzü görmüşdür.

Kitabın “İnnovativ sahibkarlıq” adlanan 1-ci fəslində innovativ sahibkarlığın mahiyyəti, növləri və modelləri nəzərdən keçirilir. Daha sonra "innovasiya" anlayışı və innovativ layihənin hazırlanması nəzərdən keçirilir.

“İnnovativ sahibkarlıqda marketinq və menecment” adlanan 2-ci fəsildə innovasiyalar marketinqi, kiçik biznesdə innovasiyaların idarə edilməsi, innovasiya fəaliyyətinin təşkilati formalarının seçimi, innovasiya fəaliyyətinin maliyyələşdirilməsi, innovativ layihələrin ekspertizası məsələləri nəzərdən keçirilir.

“Rəqəmsal iqtisadiyyatda innovativ sahibkarlıq” adlanan 3-cü fəsildə rəqəmsal iqtisadiyyatda kiçik biznesin perspektivləri, innovativ sahibkarlıq texnoparklarının yaradılması, texnologiyaların transferi, startaplar və innovativ sahibkarlıq sahəsində xarici təcrübə nəzərdən keçirilir.

“İnnovativ sahibkarlıq üzrə xarici təcrübə” adlı 4-cü fəsildə kiçik və orta sahibkarlığın innovativ fəaliyyətinin stimullaşdırılmasında xarici təcrübə, kiçik və orta innovativ müəssisələrin dəstəklənməsində Yaponiya təcrübəsi, innovativ sahibkarlıq üzrə beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi imkanları məsələlərinə baxılır.

Kitabın sonunda – əlavələrdə innovativ sahibkar üçün innovativ terminlərin qısa lüğəti, innovasiyaların təsnifatı, müəssisənin innovativ potensialının qiymətləndirilməsi üçün anket,  innovativ layihənin qiymətləndirilməsi meyarları kimi əlavə materiallar təqdim olunur. Kitab innovativ sahibkarlıqda uğurla tətbiq oluna bilən NASA layihə rəhbərləri üçün qaydalarla (NASA layihə rəhbərləri üçün 100 qayda) yekunlaşır.

Sonda bildirək ki, bu kitab Azərbaycan Respublikası KOBİA “Elm, təhsil, tədqiqat və dəstək” layihələrinin maliyyələşdirilməsi üzrə qrant müsabiqəsi çərçivəsində hazırlanıb. Layihənin rəhbəri dos. İlham Əhmədovdur. Layihə  eksperti Tümen Dövlət Universitetinin “Sahibkarlıq” kafedrasının müdiri,  prof. Eduard Ömərovdur.

Səadət Mazanova
Azərbaycan Dövlət Pedaqojı Universitet,

Kompüter elmləri kafedrasının müdiri, dosent, tex.ü.f.d.                                

 

ÜNVAN MƏLUMATLARI

Bakı, AZ1000,
Ü.Hacıbəyli küç., 68

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search