Previous Next

Riyaziyyat fakültəsi TEC-in təşkilatçılığı ilə 7 may 2025-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş elmi konfrans keçirilmişdir

Riyaziyyat fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin

anadan olmasının 102-ci ildönümünə həsr olunmuş elmi konfrans keçirilmişdir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə 7 may 2025-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş elmi konfrans keçirilmişdir.

Konfransın açılış bölməsi 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi çərçivəsində “Süveren cəmiyyətin riyazi və rəqəmsal dünyası” mövzusuna həsr olunmuşdur. Tədbir Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə həyata keçirilən elmi-maarifləndirici layihələrdən biri olmaqla, müasir cəmiyyətin hüquqi-sosial və rəqəmsal-texnoloji əsaslarının yeni prizmadan təhlilini məqsəd kimi qarşıya qoymuşdur.

Konfransın açılış nitqi ilə çıxış edən Riyaziyyat fakültəsinin dekanı dosent A.Q. Cəfərov Ümummilli Lider Heydər Əliyevin təhsil sahəsində həyata keçirdiyi mühüm islahatlardan danışmış, xüsusilə gənclərin ana dilində elmi fəaliyyətə təşviq edilməsinin əhəmiyyətini vurğulamışdır. Eyni zamanda Tələbə Elmi Cəmiyyətinin tələbələrin elmi və şəxsi inkişafında oynadığı rolu ön plana çəkmişdir. Öz pedaqoji fəaliyyətlərindən nümunə çəkmişdir və Tələbə Elmi Cəmiyyətinin  tələbələrə tədqiqat aparmaq bacarığını artırır, həm elmi, həm də şəxsi inkişaf baxımından bacarıqlarını formalaşdırır deyə davam etmişdir. Elmi konfransın bölmələr üzrə auditoriyaları elan etmiş, konfrans iştirakçılarına uğurlar arzulamış və tədbiri açıq elan etmişdir.

Tədbirdə Riyaziyyat fakültəsinin TEC-in fəal tələbələri — İNF2303B qrupundan Qocayeva Əfruz və Qarayeva Nərmin, eləcə də RİN2201B qrupundan Zamanova Mələk “Konstitusiya – cəmiyyətin riyazi modeli” və “Süverenlik – rəqəmsal dünyada yeni mənalar” mövzularında təqdimatla çıxış etmişlər.

Daha sonra Riyaziyyat və onun tədrisi texnologiyası kafedrasının dosenti N.B. Nəsirov çıxış edərək qeyd etmişdir: “Tələbə Elmi Cəmiyyəti – sadəcə tədbir təşkil edən bir qurum deyil, gələcəyin alimlərini, tədqiqatçılarını və düşünən vətəndaşlarını formalaşdıran bir məktəbdir” – deyə o, tələbələrə gələcək tədqiqat fəaliyyətlərində uğurlar arzulamışdır.

Sonra Cəbr və həndəsə kafedrasının müdiri vəzifəsini icra edən dos. S.S. Haxıyev çıxışında müasir dövrün tələblərinə diqqət çəkmişdir. O bildirmişdir ki, yalnız biliklə kifayətlənmək düzgün deyil – uğur üçün tənqidi düşüncə, təhlil bacarığı və yaradıcı yanaşma zəruridir. Bu bacarıqların inkişafında Tələbə Elmi Cəmiyyətinin mühüm rol oynadığını vurğulayan natiq tələbələrə uğurlar arzulamışdır.

Sonda Riyaziyyat fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri dos. M. Musayeva tədbirdə iştirak edən professor-müəllim heyətinə və tələbələrə təşəkkür etmiş, konfrans iştirakçılarına uğurlar diləmişdir.

Konfrans bölmə iclasları ilə davam etdirildi.

ÜNVAN MƏLUMATLARI

Bakı, AZ1000,
Ü.Hacıbəyli küç., 68

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search